Bakının erməni-bolşevik işğalından azad edilməsindən 107 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan Milli Ordusu və Osmanlı dövlətinin Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnaklardan xilas edərək tarixə şərəfli gün yazıblar.
Primeinfo.az xəbər verir ki, Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan etsə də, hökumət Gəncədə yerləşdirilib. Səbəb 1918-ci ilin ilk aylarından başlayaraq bolşevik-daşnak silahlı birləşmələrinin ölkə boyu yerli əhaliyə qarşı soyqırımı törətməsi, on minlərlə insanları kütləvi şəkildə qətlə yetirməsi, paytaxt elan edilən Bakını işğalda saxlaması idi. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətinə yardım çağırışına cavab olaraq 29 yaşlı Nuri Paşa rəhbərliyində Qafqaz İslam Ordusu qurularaq qardaş yardımı üçün Azərbaycana göndərilir.
Naxçıvandan Azərbaycana daxil olan Qafqaz İslam Ordusu Naxçıvan, Zəngəzur, Qarabağ, Lənkəran, Şirvan, Şamaxı, Quba ərazisində daşnak-bolşevik qüvvələrini darmadağın edir. Ən qanlı döyüşlər Şamaxı və Bakı ətrafında olub. Sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycanın yeni təşkil olunan Milli Ordu birləşmələri Bakını işğaldan tam azad edib.
Bu tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçürülüb. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan edəndən sonra 15 sentyabr Bakının qurtuluşu, Azərbaycan və Anadolu türklərinin birlik günü kimi qeyd olunur.
Bakıda Şəhidlər Xiyabanında Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə abidə ucaldılıb.