Türkiyədə meşə yanğınları ilə könüllü şəkildə mübarizə aparan və yanğında həlak olan şəxslər şəhid sayılacaq.
Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib.
Qeyd edib ki, meşə yanğınlarıyla mübarizə könüllülərinə dair yeni dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərə əsasən, meşə işçiləri və könüllüləri ilə yanaşı, yanğınlarla mübarizə zamanı həlak olan digər könüllülər və vətəndaşlara da rəsmi olaraq şəhid statusu veriləcək.
Qeyd edək ki, Türkiyənin Antalya və Muğla vilayətlərində meşə yağınları başlayıb. Antalyanın Alanya, Muğlanın isə Milas rayonlarında meşəlik ərazilər yanır. Alanyanın Aliefendi məhəlləsində başlayan yanğın İspatlı məhəlləsinə qədər yayılıb, bəzi evlərə və istixanalara ziyan dəyib. Bir məhəllə təxliyə edilib.
Küləyin təsiri ilə qısa zamanda geniş əraziyə yayılan yanğının söndürülməsi üşün çox sayda yanğınsöndürən briqada fəaliyyət göstərir.