Cabir İmanov vəfat etdi - YENİLƏNİB

29.09.2025 15:00

Əməkdar artist Cabir İmanov vəfat edib.

Primeinfo-nun məlumatına görə, Report-a TƏBİB-dən bildirilib ki, bu gün saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-ci il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:

“Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də təcili tibbi yardım briqadası tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb”.

Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

1992–2001-ci illərdə “Parni iz Baku” şən hazırcavablar klubunun üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən Hazırcavablar Klubu “Əsrin Çempionu” olub. 2001-ci ildən “Planet Parni iz Baku” Şən Hazırcavablar Klubu Teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

İxtisasca iqtisadçı və hüquqşünas olan Cabir İmanov 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib.

Vəfat etdiyi günə qədər isə DTX Mədəniyyət mərkəzinin rəisi olub.

Ailəli idi, 4 övladı var.

 

***

14:29

Əməkdar artist Cabir İmanov vəfat edib.

Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

Qeyd edək ki, C.İmanov AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru Qorxmaz İmanovun oğlu, xalq artisti, bəstəkar Süleyman Ələsgərovun nəvəsi, əməkdar artist Tahir İmanovun qardaşıdır.

Поделиться: