
Azərbaycanda yaxın aylarda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə başlanılacaq.
Primeinfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə bildirib.
O, Azərbaycanın yaxın gələcəkdə peyklərin istehsalını həyata keçirəcəyini qeyd edib. Bunun üçün artıq ilk addımların atıldığını vurğulayıb:
“Tədqiqat və İnkişaf üzrə komandamız artıq il yarımdır ki, mürəkkəb siyasi şəraitdə olsa da, İsraildə “Azersky-2″ layihəsi çərçivəsində peykin istehsalı üzrə intensiv təlimlər keçirlər. Peyk istehsalı zavodu və istehsalata cəlb ediləcək işçilər üçün Kosmik Aparatların İnkişafı Mərkəzinin qurulması üzrə dizayn və layihələndirmə işlərinə yekun vurulub. Mərkəz üçün tikinti yerimiz məlumdur. Yaxın aylarda tikintiyə başlayacağıq”.
Peykin daşıyıcı raketi olaraq “SpaceX” şirkəti seçilib. Bununla yanaşı, “Azərkosmos” tarixində ilk dəfə törəmə müəssisə olan Kosmik Aparatların İstehsalı Mərkəzi – “Spacecraft Development and Production” MMC yaradılıb.
Bu müəssisə sayəsində kosmik aparatların istehsalı layihələrini daha asan şəkildə reallaşdırmaq mümkün olacaq.