Bu gün Füzulinin işğaldan azad edilməsindən 5 il ötür.
Primeinfo.az-ın məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib.
Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli şəhəri ilə yanaşı, rayonun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğaldan azad olunub.
Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Prezidentin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
İşğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın növbəti ünvanı olan Füzuli şəhərinə köç davam edir.
Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.