
“Amerika mümkün olan hər şeyi edir ki, Rusiya Ukraynaya qarşı müharibəni dayandırsın. Amma anlaşılan odur ki, Putin hələ dayanmaq fikrində deyil”.
Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin xalqın qəzəbinə tuş gəlməkdən çəkinir.
“Belə informasiyalar gəzir ki, Putin müharibəni dayandırsa, ona qarşı qiyam, hətta sui-qəsd edə bilərlər. Ümumiyyətlə, son günlər Rusiyada çevriliş abı-havası var. Xüsusən də, generallar müharibə prosesinin dayanmasında maraqlı deyillər. Rusiya korrupsiya ölkəsidir. Müharibə gedəndə isə generallar korrupsiya ilə daha yaxşı məşğul ola bilirlər. Hətta əsgərlər həlak olanda, onların maaşını mənimsəyirlər. Rusiyada müqəddəs heç nə olmadığı üçün orada müharibə belə qazanc mənbəyidir. Ona görə də generallar savaşın dayanmasını istəmir” – deyə, Ə.Mustafa vurğulayıb.