
“Polad Bülbüloğlu mədəniyyət naziri olduğu dönəmdə bütün mədəniyyətin ilkin hücrələrini məhv edib. İndi də oturub parlamentdə Rusiyanın əmrlərini yerinə yetirir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.
Onun sözlərinə görə, bir neçə gün öncə Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanla mədəni əlaqələrin yenidən qurulmasının mümkünlüyündən danışıb. Onun bu açıqlamasından sonra da Polad Bülbüloğlu Azərbaycan kinosuna dövlət büdcəsindən pul ayrılmamasını pisləyib.
“Gör bunlar özlərinin burada necə rahat hiss edirlər? Ramiz Mehdiyevin dönəmində onun dəstəyi ilə Moskvadan Bakıya əlləri ciblərində gələrək, gəzib, kef edənlər indi yenə meydan sulayırlar. Sovet dönəmində bu ölkənin yağını, balını, qaymağını yeyənlər, sonralar ölkənin ən çətin dövrlərində də əlini ağdan-qaraya vurmayıb, yenidən gəlib süfrənin ortasında oturanlar, özlərini gözə soxanlar, parlamentə dürtənlərin çoxu Rusiyanın “5-ci kolon”udur.
Onlar hər zaman yalnız özlərinin şəxsi mənafeyini güdüblər. Onlardan biri də Polad Bülbüloğludur ki, 80 yaşında gətirib otuzdurublar parlamentdə”, – deyə, A.Muradxanlı bildirib.