
“Azərbaycanla Ermənistan arasında böyük qanlı müharibələr olub. Bu işğalçı müharibələr Ermənistanın fəaliyyəti sayəsində baş verib. Düzdür, xalqlar nə zamansa barışırlar. Amma kimisə qucaqlayıb, öpmək üçün hələ tezdir. Yaralarımız sağalmayıb”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində hərbi ekspert Ədalət Verdiyev səsləndirib.
O, Qazaxıstanda keçirilən “Silkway Star” yarışmasının finalında Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndinin Ermənistan nümayəndəsi Saro Gevorkyana ən yüksək xalı (12 bal) verməsi və səhnədə onu qucaqlamasını tənqid edib:
“Ermənistan tərəfi Xocalı faciəsinə görə Azərbaycandan nəinki üzr istəməyib, heç peşmançılıq hissini də dilə gətirməyib. Dağıdılan, viran qoyulan Azərbaycan ərazilərinə görə də üzr istəməyib. Hə, sənət baxımından yaxşı ifaçıya yüksək xal vermək olar. Buna bir söz demirəm. Amma səhnədə qucaqlamaq üçün hələ çox erkəndir.
İndi həmin o qucaqladığı müğənnidən soruşsan ki, “sən Azərbaycandan üzrxahlıq edərdin?” Nə cavab verəcəyi məlumdur. Axı biz müharibədən sonra Azərbaycan bayrağını yandıran idmançıları gördük. Ermənistan müharibədə məğlub olub deyə, bayrağımızı yandırdılar. Ona görə də erməni ilə qucaqlaşmaq üçün hələ tezdir”.
Qeyd edək ki, Azərbaycanın “Avroviziya-2021” təmsilçisi Samirə Əfəndinin erməni ifaçıya münasibəti ölkə ictimaiyyətində etiraz doğurub. Müğənninin erməni iştirakçını qucaqlaması və “sülh üçün sənə ən yüksək xalı verirəm” deməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Ədalət Verdiyevin bu və digər mövzular barədə fikirləri “Qırmızı masa”da: