Xəbər axtarın

Son axtarış nəticələri:

Hafiz Paşayev: "Dünyanın bir çox ölkəsində Azərbaycana böyük maraq göstərilir"

18.11.2025 11:21

“Vaşinqtona getdiyim ilk gündən ABŞ-da gördüyüm çoxsaylı maraqlı məqamlar diqqətimi çəkib. Məni ən çox təəccübləndirən isə Beyin Mərkəzlərinin geniş şəbəkəsi və onların intensiv fəaliyyəti olub”.

Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunun açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev deyib.

“ABŞ-da olduğum müddətdə öyrənmək istədiyim mövzular barədə çox düşündüm və başa düşdüm ki, Beyin Mərkəzləri mənim üçün vacib mənbə olacaq. Hər gün həmin qurumlarda öyrənməyə dəyər yeni bir şey tapmaq mümkün idi və mən iştirak edə bildiyim qədər çox tədbirdə iştirak etməyə çalışırdım”, – o qeyd edib.

Hafiz Paşayevin sözlərinə görə, səfirlərimiz Beyin Mərkəzləri ilə bağlı müzakirələri diqqətlə izləməlidir:

“Həmin illər ərzində yeni dostlar qazandığımı və müxtəlif ölkələrin ABŞ-da özlərini necə təqdim etdiklərini xatırlayıram. O dövrdə, Azərbaycandan ABŞ-a səfər edənlər çox az idi və diplomatiya mənim üçün tamamilə yeni bir sahə sayılırdı. ABŞ-da Azərbaycan barədə məlumat isə kifayət qədər deyildi, ölkəmizi tanımırdılar. Lakin bu gün dünyanın bir çox ölkəsində Azərbaycana böyük maraq göstərilir”.

Rektor Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşulmasını xatırladıb:

“Düşünürəm ki, bu addım hər iki tərəf üçün faydalı olacaq. Həmçinin forum çərçivəsində yeni ideyalar və məlumatlar təqdim ediləcəyinə ümid edirəm”.

Paylaş: