
Vizyonumuz hər zaman Türkiyənin beynəlxalq əməkdaşlıq fəaliyyətləri çərçivəsində ölkələrin iqtisadi, sosial və humanitar inkişafını təşviq etmək, ortaq tarixi və mədəni irs üzərində gələcəyi formalaşdırmaqdır.
Primeinfo.az xəbər verir ki, bu sözləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbəri Hayrettin Özçelik Bakıda keçirilən TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun açılış mərasimində söyləyib.
O qeyd edib ki, bu vizyona uyğun olaraq, Bakı ofisi əməkdaşlıq ruhunu qoruyaraq 2 minə yaxın layihəyə imza atıb:
“Təhsildən sağlamlığa, qabiliyyət inkişafından sosial layihələrə qədər müxtəlif sahələrdə fəaliyyət göstərərək, Türk dünyasının qarşılıqlı əlaqələrini genişləndiririk. Sivil cəmiyyətin dəyərlərini nəzərə alaraq, ortaq mirasımızı kəşf etmək və müasir təcrübələrimizi paylaşmaq istəyirik. Bu prosesdə iştirak edən bütün qurumların təcrübələri bir-birinə əlavə dəyər qatacaq və əlaqələrimiz daha da güclənəcək”.