
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi su təchizatı sahəsində Rəqabət Məcəlləsinin tələblərinin pozulması faktlarını müəyyən edib.
Primeinfo.az xəbər verir ki, araşdırmalar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə birgə aparılıb və nəticədə “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə uyğunsuzluğun aradan qaldırılması ilə bağlı icrası məcburi göstəriş verilib.
Agentlik bildirir ki, təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi və istehlakçıların maraqlarının qorunması ilə bağlı nəzarət tədbirləri davam etdirilir. Biləsuvar sakinlərinin müraciətləri əsasında aparılan araşdırmalar zamanı rayonun su təminatında bir sıra inzibati və texniki problemlərin mövcudluğu üzə çıxıb. Məlum olub ki, prosesin qanunvericiliyə uyğun, daha effektiv qurulması üçün əlavə mexanizmlərin tətbiqinə ehtiyac var.
Araşdırmalar nəticəsində “Regional Su Meliorasiya Xidməti”nin fəaliyyətində Rəqabət Məcəlləsinə uyğunluğun tam təmin olunması məqsədilə təkmilləşdirmə tədbirlərinin zəruriliyi müəyyən edilib. İşə baxılarkən müəssisənin Biləsuvarda su təchizatı ilə bağlı fəaliyyətinin daha sistemli və hüquqi tələblərə uyğun təşkil edilməsinin vacibliyi vurğulanıb.
Nəticə olaraq Agentlik tərəfindən quruma ölkə üzrə, o cümlədən Biləsuvarda su təchizatının qanunvericiliyə uyğun təşkili, suyun satışında müəyyən edilmiş tariflərin tətbiqi, istehlakçı hüquqlarının qorunması və xidmət keyfiyyətinin normativlərə uyğunlaşdırılması ilə bağlı icrası məcburi göstəriş təqdim edilib.
Göstəriş çərçivəsində su təchizatının dayanıqlığının artırılması, abonentlərlə işdə şəffaflığın təmin edilməsi, tariflərin düzgün tətbiqi və texniki infrastrukturun mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur. Agentlik və ADSEA bu istiqamətdə əməkdaşlığı davam etdirəcək və su təchizatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün tələb olunan addımlar atılacaq.