Xəbər axtarın

Son axtarış nəticələri:

Mehman Cavadoğlu: “Etdiyim səhlənkarlığın cəzasını çəkirəm” - FOTO

23.01.2026 13:12


Ötən ilin dekabrında 70 yaşı tamam olmuş tanınmış jurnalist Mehman Cavadoğlunun yeni görüntüləri yayılıb.

Primeinfo.az xəbər verir ki, o, APA-ya müsahibəsində bir çox mövzulardan danışıb.

Bir vaxtlar “Sovet kəndi”, “Müxalifət”, “Həyat”, “Azərbaycan”, “Rezonans” qəzetlərində rəhbər postlarda çalışan Mehman Cavadoğlu artıq yaşlandığını, əvvəlki gücündə olmadığını deyib:

“Heç vaxt ağlıma gəlməzdi ki, mən 70 yaşa çatacam… İnsan yaşlandıqca əvvəlki həvəs, əvvəlki həyat eşqi azalır, necə deyərlər, sönməyə doğru gedir. Və başlayırsan xatirələrlə yaşamağa. İnsan gəncliyində daha çox arzularla, qocalığındasa xatirələrlə yaşayır. Yaşadığı günlərin dadınısa yalnız uşaqlıq illərində və cavanlığında çıxarır”.

Mehman Cavadoğlu indi nə aktiv jurnalistika ilə, nə də fəal siyasətlə məşğuldur. O, podaqra xəstəliyindən əziyyət çədiyini qeyd edib:

“Podaqra xəstəliyi ilk dəfə 33 yaşımda üzə çıxdı, ayağımda tutmuşdu. Halbuki tibbi ədəbiyyatda yazılır ki, bu xəstəlik adətən 40-45 yaşdan sonra başlayır. Atamda da bu xəstəlik var idi, irsidi. Amerikada da, Tailandda da, Leninqradda da, Tiflisdə də müayinə etdirmişəm. Hər yerdə eyni sözlər, eyni dərmanlar. Tam müalicəsi yoxdur. Ömrünün axırına kimi gözləməlisən, nazıyla oynamalısan. Oynamadınsa, cəzalandırır. Mən də indi vaxtilə etdiyim səhlənkarlığın cəzasını çəkirəm.

Əllərim açılarsa, elə bu xəstəliyimin tarixçəsini yazaram, publisistcəsinə. Həkim kimi yox, bir xəstə kimi, yaşadığım dəhşətli əzabları… Son bir ildə, bir il yarımda çox əziyyət çəkmişəm. Əvvəllər bir həftə, 10 gün yatırdım, keçib keçirdi. İndi isə il yarımdır tutub buraxmır, daha bezmişəm. Nə öldürür, nə də rədd olub gedir. Demək olar ki, hər şeyə həvəsim itib…” – M.Cavadoğlu bildirib.

Paylaş: