
Ceffri Epşteyn işi üzrə materiallarda Suriyada müharibə başlamazdan əvvəl Türkiyənin diplomatik səyləri ilə bağlı sənədlər aşkarlanıb.
Primeinfo.az Müsavat-a istinadla xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.
Sənədlər arasında Türkiyənin o vaxtkı xarici işlər naziri Əhməd Davudoğlu ilə BMT-nin baş katibi Pan Gi Mun arasında 2011-ci ildə baş tutmuş məxfi telefon danışığının protokolu da yer alır.
Bildirilir ki, Türkiyə Bəşər Əsədi islahatlara çağıraraq iki seçim təqdim edib: ya dərhal dəyişikliklərə başlamaq və konkret qrafik müəyyənləşdirmək, ya da Səddam Hüseyn və Müəmmər Qəddafi nümunəsində olduğu kimi beynəlxalq təcridlə üzləşmək.
Sənədlərə görə, Əsəd ilkin mərhələdə müəyyən güzəştlərə gedərək tankları Həma şəhərindən çıxarıb və müşahidəçilərin fəaliyyətinə icazə verib. Lakin sonradan bu addımlardan imtina edib.
ABŞ-nin daha sərt mövqe tutmağa hazırlaşdığı bildirilir. Həmin dövrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əsədə son xəbərdarlığını edib. Bundan sonra Ankara Suriya müxalifətini dəstəkləyərək Əsəd rejiminə qarşı mövqeyini sərtləşdirib.