Xəbər axtarın

Son axtarış nəticələri:

Din pərdəsinə bürünən qorxu sistemi

19.03.2026 13:44

İranda illərdir davam edən edam siyasəti artıq təkcə bir ölkənin daxili məsələsi deyil, bu, insanlığa qarşı açıq cinayətdir. Küçənin ortasında insanların asılması, şübhəli ittihamlarla həyatların məhv edilməsi orta əsr barbarlığının bu günə daşınmasıdır.

Ədalətli məhkəmə olmadan verilən ölüm hökmləri, günahsız insanların həyatına son qoyulması, sadəcə hüquq pozuntusu deyil, sistemli zülmdür. Bu zülmə susmaq isə onu qəbul etmək deməkdir.

İran molla rejimi illərlə regionu təhdid edən, qorxu üzərində siyasət quran bir sistem formalaşdırıb. Bu sistem təkcə öz xalqına deyil, qonşu ölkələrə və beynəlxalq sabitliyə qarşı ciddi risk yaradır. Belə bir reallıqda zaman-zaman İrana qarşı atılan sərt addımları məcburi və qaçılmaz edir. Bəzən güc tətbiqi məhz daha böyük faciələrin qarşısını almaq üçün ortaya çıxır. Bu isə beynəlxalq siyasətin acı, amma real tərəfidir.

Ədalət yalnız sözlə deyil, əməli ilə ölçülür. Əgər bir rejim öz xalqına qarşı bu qədər qəddar ola bilirsə, onun toxunulmaz olması nə dərəcədə doğrudur? Bu gün dünya seçim qarşısındadır: ya zülmə göz yummaq, ya da ona qarşı çıxmaq. Bəlkə də tarix məhz bu günləri yazacaq – kimin susduğunu, kimin isə haqqın tərəfində durduğunu. Çünki ədalət geciksə də, unudulmur.

İranda hakimiyyət illərdir dini dəyərlər adı altında əslində qorxu və repressiya sistemi qurub. “Ədalət” və “iman” şüarları arxasında gizlənən bu siyasət, insan həyatını ucuzlaşdıran və cəmiyyəti susdurmağa yönəlmiş bir mexanizmə çevrilib. Rəqəmlər isə bu reallığı açıq göstərir: təkcə son illərdə minlərlə insan edam olunub və bu edamların böyük hissəsi ədalətsiz məhkəmələr nəticəsində həyata keçirilib. Din adı ilə hökm verən bir sistemin nəticəsi budursa, bu artıq nə din, nə də ədalətdir. Bu, sadəcə “molla” hakimiyyətin özünü qoruma vasitəsidir.

Bu rejimin ən təhlükəli tərəfi onun ikiüzlülüyüdür: bir tərəfdən dini dəyərləri təbliğ edir, digər tərəfdən isə həmin dəyərlərin tam əksinə olaraq, zülmü tətbiq edir. Etiraz edənlər “Allaha qarşı çıxan” kimi damğalanır, fərqli düşünənlər “xəyanətkar” elan olunur. Bu isə dini anlayışların siyasi alətə çevrildiyini açıq şəkildə göstərir. Son hadisələr də göstərir ki, müharibə şəraitində belə, molla rejimi ilk növbədə öz xalqına qarşı sərtləşir, kütləvi həbslər həyata keçirir, edam edir, öldürür və qorxu mühiti yaradılır.

Ədalət və məsuliyyət məsələsi.

Əgər bir hakimiyyət din adı ilə bu qədər zülm edirsə, onun məsuliyyətə cəlb olunması məsələsi qaçılmaz olur. Bu, artıq təkcə siyasi deyil, həm mənəvi, həm də beynəlxalq hüquqi məsələdir. Bəziləri hesab edir ki, belə bir sistemə qarşı atılan addımlar gecikmiş ədalətin bərpasıdır. Digərləri isə bunun yeni risklər yaradacağını düşünür. Dəyişməyən bir həqiqət var: insan həyatını alətə çevirən, dini isə örtük kimi istifadə edən hər bir siyasi sistem gec-tez ifşa olunur.

Tarix isə bir şeyi yadda saxlayır – zülm edənləri və susanları!

Səftər Rəhimli, hüquq elmləri doktoru

Paylaş: