Xəbər axtarın

Son axtarış nəticələri:

Kəlağayı - milli kimlik kodu

07.04.2026 12:42

Kəlağayı üçün sinə vurmağa başlayanların aşağı-yuxarı hamısının anası, nənəsi rəngli, güllü, saçaqlı örpəkdə olub.

Şəxsən mənim nənələrim yayda nazik, qara, kənarları ağ naxışlı, qışda butalı tirmə şal örtürdülər. Altından ləçək örtən nənələr də vardı, örtməyənlər də. Orta yaşlı xanımlarınkı kənarı ağ işləməli noxudu (gənclik bej, karamel deyir) kəlağayılar idi.

Nişan mərasimlərində qırmızı kəlağayı mütləq idi. Analar illər öncədən alıb evdə arzu-kamnan saxlayırdılar. Təzə gəlinlər üçün xonça üstə ağ, kənarı bənövşəyi, ya da noxudu işləməli kəlağayılar aparırdılar. Gündəlikdə az, hüzr məclislərində mütləq başlarında olardı. Gəlinlərin başına nadirən qara bağladardılar.

Çox dindar ailələrdə qara çarşabı belə qadınlar şal kimi qollarının üstünə qədər örtürdülər. Bu, türk xanımların tərzi idi, tat xanımların çarşabı ağ olurdu.

Kəlağayının, şalın, çarşabın iynəsiz, bəndsiz örtülməsi həm də yeri gələndə yaşmaq funksiyası daşımasına da imkan yaradırdı. Məsələn, bir qadın məclisi düşünün, məkana ailə üzvü, yaxını olan yaşlı kişi girirdisə, kəlağayılar olurdu yaşmaq. Bizim uşaqlığımızda Bakı belə idi…

Bölgə xanımlarının çoxu güllü yaylıq, şal bağlayırdılar. Yaşlıların ləçəyi də öz yerində…

Bu qapqara, yer süpürən, qadını qarğaya oxşadan, ya da rəngli, başı qazana bənzədən örtüklər sonradan sırındı millətə. Azərbaycanda özünə yer etmək istəyən hər təriqət kitabı ilə bir yerdə geyimini də götürdü gəldi. Sıralarına qoşulanlar üçün məcburiyyət yaratdılar, minillərlə məişətimizin parçası olan baş örtüsünü həm bölücülük, həm də siyasi faktora çevirdilər.

Xanımların örtük məsələsində nida işarəsini Qazaxıstan prezidenti Tokayev qoyub, deyib ki, bizim qadınların geyiminə nə gəlib, hansısa millətdən geyinmək, örtünmək öyrənək? Ürəyinə sağlıq…

Örtük texnoloji deyil, gedək bilgisayarı yapondan, avtomobili almandan aldığımız kimi, onu da ərəbdən, farsdan alaq? Gül kimi mirasımız var. Qumaşı, ilməsi, naxışı ilə türk xanımların örtükləri zəngin kültürümüzün bir parçasıdır. Yaşatmaq borcumuzdur.

Yaşasın milli, zərif, gül kimi Azərbaycan kəlağayısı!

Aygün Muradxanlı, baş redaktor

Paylaş: