
Siyəzən rayonunda körpünün uçması nəticəsində bir neçə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.
Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə güclü yağışlar və çayda su səviyyəsinin artması nəticəsində baş verib.
Nəticədə körpü yararsız hala düşüb və ərazidə yaşayan sakinlərin gediş-gəlişində ciddi çətinliklər yaranıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub: “Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur”.