
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.
Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Məhkəmənin qərarı ilə Ruslan Eyyubov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
İstintaq materiallarına əsasən, iş adamı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 206.4 (xüsusilə külli miqdarda qaçaqmalçılıq), 193 (yalançı sahibkarlıq), 213-1.2.2 və 213-1.2.3-cü (aksiz markası ilə markalanmalı olan malların qanunsuz dövriyyəsi) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının Ruslan Eyyubova məxsus olduğu bildirilir. Həmin limanın rəisi Rəşad Daşdəmirov və digər şəxslər də bu cinayət işi üzrə bir neçə gün əvvəl həbs ediliblər.
Ruslan Eyyubovun qohumluq əlaqələrinə gəlincə, o, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin vəzifəsindən azad edilən rəisi, general-mayor Həsən Eyyubovun qardaşıdır. Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır.
Hazırda həbsdə olan Ruslan Eyyubov eyni zamanda kimya sənayesi sahəsində fəaliyyət göstərən və tanınmış “NB Qrup” şirkətinin rəhbəridir.