
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu başlayıb.
Primeinfo.az-ın məlumatına görə, tədbir Media İnkişaf Agentliyi (MEDİA) tərəfindən təşkil olunub.
Forum D-8-in üzv ölkələrinin məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksək vəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakını bir araya gətirib.
Tədbir çərçivəsində regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin təşviqi və təcrübələrin paylaşılması məsələləri müzakirə olunacaq.
Forum çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” və “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzularında iki panel sessiyanın, həmçinin “Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusunda vörkşopun təşkili planlaşdırılır.
Qeyd edək ki, forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edəcək.