Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda "WUF13" çərçivəsində nazirlərin yüksək səviyyəli iclası keçiriləcək

17.11.2025 15:00


2026-cı il mayın 17-də Bakıda BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlərin yüksək səviyyəli iclası keçiriləcək.

Primeinfo.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramında (UN-HABITAT) xarici əlaqələr, strategiyalar, biliklər və innovasiyalar üzrə direktoru Edlam Yemeru Bakıda diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

O, iclasın yeni şəhər gündəliyinin müzakirəsinə həsr olunacağını bildirib. Qeyd edib ki, forumda mənzil və dayanıqlı urbanizasiya məsələlərində mühüm rol oynayan yerli və regional hakimiyyət orqanlarının nümayəndələri iştirak edəcəklər.

“WUF13 proqramı çərçivəsində adekvat mənzil təminatı üzrə prioritet məsələlərə həsr olunmuş altı yüksək səviyyəli dialoq planlaşdırılır. O cümlədən, qadınları, gəncləri, uşaqları, vətəndaş cəmiyyətini və özəl sektoru birləşdirən assambleyalar və dəyirmi masalar keçiriləcək. Xüsusi diqqət tərəfdaşlıq tədbirlərinə yönəldilib”.

Qeyd edək ki, “WUF13” 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur.

Tədbir müxtəlif ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.

 

Paylaş: