Xəbər axtarın

Son axtarış nəticələri:

Gəncə-Qəbələ qatarı açılır

05.01.2026 12:39


Yanvarın 12-dən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə sərnişindaşımaya başlayacaq.

Primeinfo.az quruma istinadən xəbər verir ki, bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin 2-ci regiondaxili sərnişindaşıma marşrutudur.

Marşrut üzrə sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstəriləcək.

Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin müddəti 1 saat 50 dəqiqədir.

Sərnişinlər uzunluğu 139 km olan marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4,3 manat, Ləki–Qəbələ istiqamətində isə 1,7 manat olacaq.

Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək.

Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb oradan saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə getmək mümkün olacaq. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.

Biletləri bugündən ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında əlçatanlığın artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək.

Paylaş: