
Gəncə şəhərində yaşayış binasının beşinci mərtəbəsində partlayışdan sonra yanğın olub.
Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, bu barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə nazirliyin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Partlayış dalğasının təsirindən 1989-cu il təvəllüdlü Qurbanov Elnur Nazim oğlu və 1963-cü il təvəllüdlü Nağıyeva Zərinə Abuzər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.