
“Gənclər fermer olmaq, taxıl əkmək və ya çoban kimi mal-qara otarmaq istəmirlər. Çünki bu işdə heç bir perspektiv görmürlər. Əziyyət çox, gəlir yoxdur”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı əziyyətli sahədir, gəlirliyi isə çox azdır. Ona görə də gənclər bu sektora maraq göstərmirlər və iş üçün rayonlardan Bakıya axın edirlər:
“Gənc düşünür ki, gedib Bakıda tikintidə fəhlə işləyərəm, maaş alaram, axşamlar da heç nəyə pulum çatmasa da, ən azından 50 qəpiyə tum alıb, bulvarda oturub, dənizə baxaram. Kənddə sosial həyat da yoxdur axı, nə etsin? Bu, obyektiv səbəbdir və getdikcə artacaq. Hökumət başa düşməlidir ki, fermerin qazancı şəhərdə yaşayan insanın qazancından ən azı 10 dəfə çox olmalıdır”.
Kənd təsərrüfatı sahəsindəki mövcud problemlərdən söz açan iqtisadçı “necə olur ki, bunu mən bilirəm, amma Kənd Təsərrüfatı Nazirliyi, məmurlar, bilmir?!” deyə, bildirib.