
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi və Qırğız Respublikasının Xalq Yazıçısı Sultan Rayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə ölkənin ən nüfuzlu mədəniyyət mükafatlarından biri olan “Kelajak Merosi” (Gələcək İrsi) Beynəlxalq Mükafatına layiq görülüb.
Primeinfo.az xəbər verir ki, S.Rayevə bu nüfuzlu mükafat “Ədəbiyyat” sahəsində Qırğız və Türk Dünyası ədəbiyyatına qazandırdığı dəyərli əsərlər və yüksək töhfələrə görə təqdim edilib.
Onun əsərləri ənənəvi qırğız anlatımını müasir dramaturgiya ilə birləşdirərək Türk xalqlarının ortaq mənəvi və sosial məsələlərinə işıq salır.
Sultan Rayevin bu uğuru TÜRKSOY Baş katiblik binasında böyük coşqu ilə qarşılanıb. Təşkilat əməkdaşları onu kabinetində təbrik ediblər.
Baş katibin müavini Sait Yusuf bu mükafatın Türk Dünyasının mədəni həyatında TÜRKSOY-un təsirini bir daha ortaya qoyduğunu bildirib. Həmçinin Sultan Rayevin təşkilatı və bütün Türk xalqlarını ən yüksək səviyyədə təmsil etməsindən qürur duyduqlarını vurğulayıb.





