Natiq Cəfərli: Avtobuslarda qiyməti artırdılar, bəs keyfiyyət?!

29.09.2025 16:25


“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə gediş haqqını 20% artırıb. Əvvəllər belə qərarları Tarif Şurası verirdi, indi nazirlik qiymətləri artırıb. Nazirliyin məsuliyyəti öz üzərinə götürməsi yaxşıdır və ümumiyyətlə, Tarif Şurası ləğv edilməlidir”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli bildirib. O, nazirliyin qiymət artımı ilə bağlı açıqlamasını əsassız sayır: “Nazirlik bildirir ki, ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqlənib.
İctimai nəqliyyatda son illərdə bir neçə dəfə qiyməti artırıblar, bu keyfiyyəti yüksəldibmi – təbii ki, yox. Qiymət artımı bacarıqsız idarəetməni, qeyri-şəffaf xərcləmələri vətəndaşa yük etməkdir, başqa anlamı, məramı yoxdur. İstənilən sahədə rentabellik olmadıqda ilk görüləcək iş xərcləri azaltmaqdır, bizim hökumətin “məntiqində” isə ilk addım qiymətləri artırmaq olur. Daha bir maraqlı məqam budur ki, nəğd ödənişlərdə qiymət artmayıb, deməli, nazirliyin nəğd ödənişlərdə öz marağı var, bu yolla nəğd ödənişlər təşviq edilir.
Son 15 ildə 55 dəfə ictimai nəqliyyatda gedişhaqqı ilə bağlı təkliflər vermişik, ödənişin zamana bağlı olmasının doğruluğunu sübut etmişik: saatlıq-günlük-aylıq-illik biletlər olmalıdır, zaman artıqca da qiymət enməlidir. Kimə deyirsən, mədəni yanaşmanı qəbul etmirlər, bildikləri yol, vətəndaşı yükləməklə öz problemlərini həll etmək yoludur…”

Поделиться: