Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34-cü ili tamam olur.
Primeinfo.az xəbər verir ki, 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günüdür.
1988-ci ildən başlanan müstəqillik uğrunda xalq hərəkatı 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə məqsədinə çatdı – Ali Sovetdə 6 bölmə, 32 maddədən ibarət “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Sənədin 1-ci maddəsilə Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edildi. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi tarixə keçdi.
Azərbaycanda Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan iş günüdür.