Xəbər axtarın

Son axtarış nəticələri:

Hikmət Hacıyev Birinci vitse-prezidentin Vatikana səfərinə dair paylaşım edib - FOTO

18.10.2025 11:05

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

Primeinfo.az xəbər verir ki, paylaşımda Mehriban Əliyevanın səmərəli görüşləri barədə ətraflı məlumat verilir.

Prezidentin köməkçisi Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini ifadə etməsinə diqqət çəkib:

“Azərbaycanın katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı ölkənin tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqləyir”.

Hikmət Hacıyev müsəlman əhalinin çoxluq təşkil etdiyi, eyni zamanda xristian, yəhudi və digər dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı dünyəvi Azərbaycanın bu gün inklüzivlik, dözümlülük və multikultural harmoniyanın parlaq nümunəsi olduğunu qeyd edib:

“Qadınların gücləndirilməsi və bərabər imkanların təminində mühüm təcrübəyə malik Azərbaycan Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirərək, qlobal miqyasda sülh, dialoq və əməkdaşlığa əsaslanan müsbət gündəliyi irəli aparır”.

 

Paylaş: