İsrailin bu gün Qəzza zolağı ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsini açacağı bildirilir.
Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu, İsrailin atəşkəs razılaşmasına uyğun həyata keçiriləcək.
Qeyd edək ki, daha əvvəl sərhədin açılmasının gecikə biləcəyi ilə bağlı narahatlıq yaranmışdı. HƏMAS-la bağlanan atəşkəs sazişinə rəğmən İsrail, Qəzza zolağına Misir üzərindən keçidi təmin edən Rəfah sərhəd-keçid məntəqəsini açmayacağını bildirmişdi.
İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, HƏMAS-ın gecə saatlarında Qəzzada saxlanılan dörd israilli məhbusun cəsədini təhvil verməsindən və bu gün daha bir neçə cəsədin qaytarılacağına söz verməsindən sonra qərar dəyişib. İsrail hökuməti HƏMAS-a qarşı tətbiq etdiyi sanksiyaları da ləğv edib.
Razılaşmaya əsasən, sərhədin açılması ilə humanitar yardımların Qəzzaya daxil olması davam edəcək.
Xatırladaq ki, Fələstinin HƏMAS qruplaşması dünən gecə 28 cəsəddən yalnız 4-nü qaytarıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi Qəzza zolağında girovların qalıqlarının olduğu cənazələri qəbul edərək, İsrail Müdafiə Qüvvələrinin və ABŞ ordusunun bölməsinə doğru yola salıb.