
Milli Məclisin deputatları tətilə çıxıb.
Primeinfo.az xəbər verir ki, parlamentin 2025-ci il payız sessiyasının sonuncu plenar iclası bu gün – dekabrın 30-da keçirilib.
İclasın gündəliyinə Azərbaycanla Somali və Uqanda arasındakı diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişin ratifikasiyası, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin Müraciəti daxil olmaqla ümumilikdə 15 məsələ daxil edilib.
Milli Məclisin spikeri Sahibə Qafarova sessiya ərzində görülmüş işlər haqqında qısa məlumat verib.
Ötən payız sessiyasında Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirdiyini bildirən spiker bu fəaliyyətin uğurlarına şərait yaradan amillər sırasında hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrinin rolunu qeyd edib.
Bildirib ki, payız sessiyasında Milli Məclisin 16 plenar iclası, 86 qanun və qərar layihəsi qəbul edilib.
Milli Məclisin payız sessiyasını uğurla başa çatdırdığını deyən S.Qafarova səmərəli iş üçün deputatlara təşəkkür edib.
Sədr payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da qanunverici orqanın payız sessiyasının sonuncu plenar iclası başa çatıb.
Qeyd edək ki, Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə təsadüf etdiyindən deputatlar 16 gün tətildə olacaqlar.