
Gültəkin Hacıbəyli bu gecə Türkiyədən Azərbaycana deportasiya olunub.
Primeinfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı sosial mediada bildirib.
Onun sözlərinə görə, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs olunmayıb, hazırda azadlıqdadır.
Qeyd edək ki, Gültəkin Hacıbəyli 2025-ci il noyabr ayının 29-da Türkiyədə yaşadığı evdə saxlanılaraq əvvəlcə Arnavutköy Geri Göndərmə Mərkəzinə, daha sonra Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb.
İstanbul İdarə Məhkəməsi onun barəsində 5 il müddətinə Türkiyədən deportasiya olunması ilə bağlı qərar çıxarıb. G.Hacıbəylinin özünün sosial media hesabında verdiyi məlumata görə, Ankara məhkəməsi barəsində G-82 maddəsi — dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici terror təşkilatına üzvlük ittihamı irəli sürülüb.
G-82 məhdudlaşdırma (təhdid) kodu milli təhlükəsizliyə qarşı fəaliyyət göstərdiyi müəyyən edilən xarici vətəndaşlara tətbiq olunan koddur. Bu kod həmin şəxsin Türkiyəyə girişinə qadağa qoyur və Türkiyə ərazisində olduğu halda müddətsiz şəkildə deportasiya edilməsinə səbəb olur.
Xatırladaq ki, G.Hacıbəylinin adı “Ramiz Mehdiyev işi”ndə hallanır. İddialara görə, o, AXCP sədri Əli Kərimli ilə birgə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer alıb.