Xəbər axtarın

Son axtarış nəticələri:

Keçmiş deputat Türkiyədə əməliyyat zamanı vəfat etdi

24.02.2026 11:41

Milli Məclisin keçmiş deputatı Mahir Aslanov vəfat edib.

Primeinfo.az xəbər verir ki, o, Türkiyənin İzmir şəhərində yerləşən xəstəxanada ağır ürək əməliyyatına daxil olub. Lakin əməliyyat zamanı onun həyatını xilas etmək mümkün olmayıb.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, uzun müddətdir Rusiyasının Yessentuki şəhərində yaşayan keçmiş iq parlament üzvünün bir ay əvvəl ürəyində ciddi problemlər yaranıb.

O, bununla əlaqədar olaraq Bakıya qayıdıb.

Burada sahibi olduğu “Kəpəz” xəstəxanasında müayinələrdən keçib. Keçirilən müayinələr zamanı Mahir Aslanovun təcili əməliyyata ehtiyacı olduğu müəyyənləşib.

Həkimlər ona Türkiyənin İzmir şəhərində əməliyyat olunmağı məsləhət görüblər. M.Aslanov bununla əlaqədar olaraq adıçəkilən şəhərə gedib və əməliyyat olunub, lakin əməliyyat uğursuz alınıb və keçmiş deputat narkozdan ayılmayıb.

Mərhumun cənazəsinin bu gün Azərbaycana gətiriləcəyi gözlənilir. O, Bakı şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Mahir Aslanov 1949-cu il noyabrın 22-də Naftalan şəhərində anadan olub.

O, 2010-2020-ci illərdə iki çağırış Milli Məclisin deputatı olub. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Belçika, Bolqarıstan, Finlandiya, Gürcüstan və Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərib.

 

Paylaş: