
Kənd təsərrüfatı heyvanlarının çimizdirilməsi əsas profilaktik tədbirlərdən hesab edilir. Heyvanların çimizdirilməsi yoluxucu xəstəliklərə qarşı profilaktik və müalicəvi məqsədlərlə aparılır. Bildiririk ki, heyvanlarda ektoparazitlərə qarşı mübarizə tədbirləri çərçivəsində fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən alınmış Mobil qoyun çimizdirmə qurğuları heyvanların çimizdirilməsində tətbiq olunur.
Aqrar Xidmət Agentliyindən Primeinfo.az-a verilən məlumata görə, mövsümlə əlaqədar olaraq heyvanlar arasında qan-parazitar (el arasında “qızdırma” adlandırılan) xəstəliklər geniş yayılır. Bu xəstəliklərin yaranmasında ektoparazitlərin rolu böyükdür. Məhz buna görə də ektoparazitlərlə mübarizə məqsədilə dezinseksiya (gənələrə qarşı mübarizə) işləri aparılmalıdır.
Heyvanların çimizdirilməsi zamanı mütləq şəkildə baytar həkiminin iştirakı, nəzarəti və tövsiyələri ilə ektoparazitlərə (gənə, milçək, bit, birə və s.) qarşı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Preparatlar təlimata uyğun hazırlanmadıqda və ya baytar həkiminin iştirakı olmadan tətbiq edildikdə, heyvanlarda zəhərlənmə, ölüm halları, həmçinin qapalı şəraitdə tədbiri həyata keçirən şəxslərin zəhərlənməsi baş verə bilər.
Eyni zamanda, mövsümlə əlaqədar olaraq (havalar istiləşdikcə) heyvanların yaylaqlara köçürülməsi zərurəti yaranır. Bu səbəbdən heyvandarlıqla məşğul olan fermerlərə heyvanları yaylaqlara aparmazdan əvvəl qansoran həşərat və gənələrə qarşı çimizdirilməsi üçün rayonHeyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə müraciət etmələri tövsiyə olunur.















