
“Türkiyənin İsraillə bağlı Azərbaycana hər hansı iradı yoxdur”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Azərbaycanla bağlı məsələlərdə Türkiyə hökumətinin heç bir iradı yoxdur. O bildirib ki, xüsusilə Azərbaycan–İsrail münasibətləri müzakirə olunarkən Ankara Bakıya təzyiq göstərmir və münasibətlərə yenidən baxılmasını tələb etmir:
“Bizim İsraillə əlaqələrimizə görə Türkiyə bizə “niyə münasibət saxlayırsınız?” demir. Hətta bir nümunə: Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda iştirak edərkən nümayiş etdirilən texnikalar arasında İsrail istehsalı silahlar da var idi. Bu, Azərbaycanın öz müstəqil siyasətini göstərir. Türkiyə bizim qardaş və müttəfiq dövlətimizdir və Prezident Ərdoğan da İsraillə münasibətlərimizə anlayışla yanaşır”.
Elxan Şahinoğlu qeyd edib ki, buna baxmayaraq, Türkiyədə bəzi dairələr mövzunu tam bilmədən yanlış fikirlər səsləndirir və Azərbaycanı tənqid edir.
Politoloq həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı diqqətçəkən məqama toxunub. Onun sözlərinə görə, Netanyahu ilə Prezident Ərdoğan arasında münasibətlər gərgin olsa da, İsrail rəhbərliyi Azərbaycana daim müsbət yanaşıb:
“Müharibə dövründə Ermənistan İsraildən silah almaq istəmişdi, lakin Netanyahu açıq şəkildə bildirmişdi ki, “mən dostumun düşməninə silah sata bilmərəm”. Biz bu mövqeni unutmuruq.”
E.Şahinoğlu hesab edir ki, bununla belə, İsrail də bölgədəki həssas tarazlığı nəzərə almalı, Türkiyənin Azərbaycanın qardaşı və strateji müttəfiqi olduğunu unutmamalıdır:
“İsrail bu məsələlərə daha diqqətli və həssas yanaşmalıdır”.