Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.
Primeinfo.az xəbər verir ki, bu tarix 1885-ci il sentyabrın 18-də dünyaya gələn Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Bu gün Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü tamam olur.
Azərbaycan Prezidentinin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə hər il 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı da keçirilir.
Ü.Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 116 il əvvəl tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.