Bu gün Bakının doqquzuncu dəfə ev sahibliyi etdiyi “Formula 1” Azərbaycan Qran-prisinə start verildi.
Primeinfo.az-ın məlumatına görə, ilk gün iki sərbəst yürüş keçiriləcək. Sınaq yürüşü ilə yanaşı, sıralama turu da gerçəkləşəcək. Sentyabrın 20-də “Formula” 1 üzrə sərbəst yürüşlər, “Formula 2” üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün – ayın 21-də əsas yarış baş tutacaq.
Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışacaqlar.
Azərbaycan Qran-prisinədək “Maklaren” pilotu Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris (293 xal) ikinci, “Red Bull”dan Maks Ferstappen (230 xal) üçüncüdür. Konstruktorlar Kubokunda isə “Maklaren” liderdir – 617 xal. “Ferrari” ikinci (280 xal), “Mersedes” (260 xal) üçüncü pillədə qərarlaşıb.
10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. 20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Yarışın start və finiş xətləri “Azadlıq” meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
19 sentyabr – proqram:
10:00. “Formula 2”: Sərbəst yürüş
12:30. “Formula 1”: Birinci sərbəst yürüş
14:30. “Formula 2”: Sıralama turu
17:00. “Formula 1”: İkinci sərbəst yürüş
Xatırladaq ki, Bakıda ilk “Formula” yarışı 2016-cı ildə baş tutub. Həmin il almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə “Maklaren”dən Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.
2020-ci ildə koronavirus pandemiyası səbəbindən yarış keçirilməyib.