Bakı şəhərində sərnişindaşımada tamamilə nağdsız ödənişə keçiddən sonra təqaüdçülər, tələbələr üçün güzəştlər mümkün olacaq.
Primeinfo.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Bildirib ki, ümumiyyətlə ictimai nəqliyyatda tam nağdsız sistemə keçiddən sonra yeni tarif menyusunun tətbiqi mümkün olacaq. Hazırda sərnişin bir avtobusdan digərinə keçid zamanı əlavə olaraq 50 qəpik ödəməyə məcbur qalır ki, bu da əlavə xərclərə səbəb olur:
“Hədəfimiz bir saat ərzində aktiv olacaq bilet sistemini tətbiq etməkdir. İlkin mərhələdə planımız budur. Lakin nəzərə almaq lazımdır ki, avtobuslar hər yerdən hər yerə hərəkət etmir, sərnişinlər əvvəlcə hablara daşınır, sonra digər istiqamətlərə yola düşür. Bu səbəbdən vətəndaş hazırda iki dəfə ödəniş etməli olur”.
Onun sözlərinə görə, paytaxtda elə avtobuslar da mövcuddur ki, onların texniki xüsusiyyətləri nağdsız ödəniş aparatının quraşdırılmasına imkan vermir.
“Buna görə də bizə lazımdır ki, operatorlar yeni avtobuslar gətirsinlər. Biz müsabiqə keçirək, onlar qalib gəlsinlər və nəticədə həmin nəqliyyat vasitələrinə bu aparatları quraşdıra bilək. Yeni fərman isə şübhəsiz ki, bu prosesi sürətləndirəcək”, deyə A.Rrazey bildirib.