Türkiyədə İŞİD-ə qarşı növbəti böyük əməliyyat həyata keçirilib.
Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” hesabında bildirib.
Qeyd edib ki, İŞİD terror qruplaşmasının üzvü olan, təşkilatla əlaqəli saxta yardım qurumlarını maliyyə vəsaiti ilə təmin edən və sosial media hesabları üzərindən onun təbliğatını aparan 51 şübhəli jandarma tərəfindən saxlanılıb.
Əməliyyat son iki həftədə Türkiyənin Adana, Adıyaman, Amasya, Ankara, Antalya, Balıkesir, Çanakkale, Çankırı, Çorum, Diyarbakır, Ərzurum, Qaziantep, Hakkari, Hatay, İğdır, İsparta, İstanbul, İzmir, Kırıkkale, Kırşehir, Kilis, Kocaeli, Konya, Mersin, Muğla, Nevşehir, Niğde, Osmaniye, Şanlıurfa, Tekirdağ, Tokat və Zonquldakda həyata keçirilib.
Saxlanılan şəxslərdən İŞİD terror təşkilatına dair çoxlu sənəd və rəqəmsal materiallar müsadirə olunub.
Nazir bildirib ki, terrorçuluğa qarşı mübarizə təkcə hüquq-mühafizə qüvvələrinin yerlərdəki əməliyyatlarından ibarət deyil, həmçinin təhlükəsizlik, kəşfiyyat, rabitə və beynəlxalq əməkdaşlığı əhatə edən çoxşaxəli dövlət refleksinə əsaslanır:
“Ölkəmizin hər bir bölgəsində əmin-amanlığın və sabitliyin təmin olunması üçün ilin 365 günü gecə-gündüz fasiləsiz olaraq əməliyyatlarımızı davam etdiririk”.