Xəbər axtarın

Son axtarış nəticələri:

Əcnəbi diplomatlar Cəbrayıl və Zəngilanda - FOTO - VİDEO

31.10.2025 15:23

Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri Cəbrayıl rayonunun Horovlu kəndində olublar.

Primeinfo.az xəbər verir ki, burada onlara işğaldan azad ediləndən sonra kənddə aparılmış bərpa-quruculuq işləri və yaradılmış şərait barədə məlumat verilib.

Əcnəbi diplomatlar Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşəcək Həkəri dəmir yolu stansiyası ilə də tanış olublar. Onlara bildirilib ki, bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin (TRIPP) tərkib hissəsi olacaq.

Onlar həmçinin Horadiz-Ağbənd avtomobil yolunda görülən işlərlə tanış olublar.

Avtomobil Yolları Dövlət Agentliyin İnvestisiya idarəsinin rəis müavini İlham Süleymanov deyib ki, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometrdir. Hazırda 113,5-ci kilometrdə işlər aparılır.

“Yol birinci texniki dərəcəyə uyğun şəkildə inşa olunur. Hərəkət hissəsinin eni 14–21 metr arasında dəyişir. Layihənin 78,5 kilometrlik hissəsi 6 hərəkət zolaqlıdır, qalan 45 kilometrlik hissə isə 4 hərəkət zolağı ilə inşa edilib. Layihə çərçivəsində hərəkət istiqamətləri üzrə ümumilikdə 6 kilometr uzunluğunda 3 tunel tikilib. Tunellərin ümumi uzunluğu 12 kilometr təşkil edir və burada artıq son tamamlama işləri görülür. Tunellər gediş-gəliş üçün tam hazır vəziyyətdədir”.

Layihənin 2026-cı ilin ilk yarısında tam yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan bu səfər işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin sayca 20-ci səfəridir.

 

Paylaş: