
“Ramiz Mehdiyev və onun dəstəsi Azərbaycanda onlarla qətlin dolayısı ilə baiskarıdır”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.
O qeyd edib ki, Ramiz Mehdiyevin ətrafında toplaşan şəxslər həm dostluq ediblər, həm də gizli şəkildə bir-birlərindən kompromat toplayıblar:
“Bu ilan sürüsü o qədər qarışıq idi ki, Ramiz Ənvəroviçin bağına toplaşıb, bir-birinin sağlığına içənlər, sədaqətlərini göstərənlər həm də dəlil toplayırdılar. Vəziyyət o yerə çatmışdı ki, söhbət zamanı telefonları söndürüb masanın üzərinə qoysalar belə, yenə də danışmırdılar. Çünki bir-birlərinin səsini yazacaq dərəcədə iyrənc məxluqlardır”.
Elçin Alıoğlunun fikrincə, Ramiz Mehdiyev komandasının Azərbaycan qarşısında ən böyük cinayəti onun formalaşdırmağa çalışdığı hakimiyyət sistemidir:
“O, texnokratların, meritokratların və ağıllı insanların hakimiyyətə gəlməsinə imkan verməyib, əksinə, buna maksimum dərəcədə mane olmağa çalışıb. Bu gün “İcra Hakimiyyəti başçısı” deyəndə insanların gözünün qabağına rüşvətxor bir adam obrazı gəlir. Bu da Ramiz Mehdiyevin illərlə qurduğu sistemin nəticəsidir”.