
“Rusiya ilə münasibətlər tam hüquqi platformada deyil. Biz yenə də münasibətlərimizi diplomatik qurğular çərçivəsində qurmalı olacağıq”.
Primeinfo.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Əlibala Məhərrəmzadə Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində deyib.
Deputat qeyd edib ki, Rusiya ilə münasibətlərin istiləşməsi Azərbaycana lazımdır. Lakin bu zaman qarşı tərəfin davranışına da diqqət yetirilməlidir. Çünki Azərbaycan ikitərəfli müqavilələrdə nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirsə də, Rusiya haqqında bunu demək olmaz:
“Rusiyanın Azərbaycana qarşı belə davranışı yalnız təyyarənin vurulması ilə əlaqədar deyil. Belə hallar əvvəllər də dəfələrlə olub – fitosanitariyadan tutmuş baytarlıq xidmətinə qədər problemlər yaradılıb, lazım oldu-olmadı, mallar aylarla sərhəddə saxlanılb, məhsullar xarab olub, geriyə qaytarılıb, insanlarımızla vəhşi rəftar göstərilib, insanlarımızın məcburən Ukrayna ilə müharibəyə göndərilməsi, orada olan şirkətlərə qarşı dövlətin təzyiqi, qarşıdurmalar – bütün bunlar Rusiya dövlətinin xüsusiyyətini göstərən faktorlardır.
Münasibətlər tam hüquqi platformada deyil. Biz Rusiya ilə münasibətlərimizi yenə də hansısa diplomatik qurğular çərçivəsində qurmalı olacağıq. Təbii ki, biz türk dünyasındayıq və gələcəyimiz türk ailəsi ilə bağlıdır. Heç də Rusiya ilə arxalanaraq iqtisadi platformalar qurmuruq, onlara ticari tərəfdaşlarımız kimi baxırıq”.