
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada törədilən soyqırımının unudulmaması üçün mücadilənin bundan sonra da davam etdiriləcəyini deyib.
Primeinfo.az-ın Türkiyənin “Anadolu” Agentliyinə istinadən məlumatına görə, bu barədə Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən təyyarədə yerli media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
“Bu məsələdə Körfəz ölkələrindən tutmuş Amerika, Avropaya qədər hamısından dəstək istəyirik, istəyəcəyik də” – deyən, Türkiyə prezidenti Qəzzadakı atəşkəsin davamlı olması, pozuntuların qarşısının alınmasının çox önəmli olduğunu bildirib.
“İsrailin keçmişdə atəşkəsi pozmaq təcrübəsi ehtiyatlı və diqqətli olmağı tələb edir. Türkiyə, ABŞ və digər ölkələr atəşkəsin qorunmasına qətiyyətlə dəstək verir. Əgər vəziyyət yenidən gərginləşsə, bunun onlara baha başa gələcəyini İsrail özü də bilir.
Keçmişdə bir çox razılaşmalar kağız üzərində qalmışdı, amma indi daha güclü və ortaq iradə mövcuddur. Bu ortaq mövqeni Misirdəki zirvə toplantısında bir daha gördük. Cənab Trampın da rəhbərlik etdiyi bu prosesə sahib çıxmağa davam edəcəyinə inanıram. Heç kim durumun əvvəlki vəziyyətə qayıdılmasına razı ola bilməz. Çünki bu atəşkəsi cəmiyyətlərin vicdanı və sağlam düşüncəsi təmin edib” – Ərdoğan vurğulayıb.
