Xəbər axtarın

Son axtarış nəticələri:

İlham Əliyev BƏƏ-nin Federal Milli Şurasının sədrini qəbul edib - FOTO

29.10.2025 20:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Primeinfo.az xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Saqr Qobaş bildirdi ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana, Şuşa şəhərinə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayır. 

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransının yüksək səviyyədə təşkil edildiyini deyən Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri vurğuladı ki, bu tədbir ölkəmizin konstitusional dəyərlərə və suverenliyə nə qədər sadiq olduğunun və əhəmiyyət verdiyinin bariz nümunəsidir. 

Qonaq Azərbaycanın inkişafına toxunaraq, bunun Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olduğunu vurğuladı. Saqr Qobaş paytaxt Bakının gözəlliyinin və memarlığının onda dərin təəssürat hissi yaratdığını dedi. 

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və xalqına çatdırmağı xahiş etdi. 

 

Paylaş: