
Azərbaycan tərəfi Astaraçay yeni avtomobil körpüsünün tikintisini başa çatdırsa da, İran tərəfindən işlər yubadılır.
Primeinfo.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Baş nazirin müavini Şahin Mustafayev bildirib.
Şahin Mustafayev bildirib ki, Azərbaycan tərəfi körpü tikintisini başa çatdırıb, həm də müvəqqəti sərhəd keçid məntəqəsinin fəaliyyətini təmin edib: “İran tərəfindən bu işlər bir az yubanır. İran tərəfinin əmin edib ki, gələn ilin Novruz bayramınadək bu işlər başa çatacaq. İndiki gündəlik 100-150 yük avtomobili keçirən sərhəd keçid məntəqəsi və avtomobil körpüsü 1000 maşınadək keçidi təmin edəcək. İndi böyük tıxaclar var. Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq”.
Baş nazirin müavini qeyd edib ki, avtomobil yolları və daşıyıcılarının rastlaşdığı bəzi problemlərin həlli üçün də üçtərəfli İşçi Qrupun yaradılması haqqında razılıq əldə edilib: “Bu İşçi Qrup tıxaclar, tıxacların yaranma səbəbləri, əgər varsa, süni əngəllərin aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcək”.