
Azərbaycan Prezidentinin “Yaşayış minimumu haqqında” Qanunda təsdiq etdiyi dəyişikliklərə əsasən, Nazirlər Kabineti tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslər üçün yeni qida normalarını müəyyənləşdirib.Yeni qərara görə, tibb və təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları təsdiq olunub. Bununla yanaşı, sosial sahəyə aid müəssisələrdə xidmət alan şəxslər üçün də orta sutkalıq qida normaları müəyyən edilib.
Primeinfo.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov öz “Facebook” səhifəsində məlumat verib. Onun sözlərinə görə, əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün belə normaların təsdiqi nəzərdə tutulmurdu ki, bu da onların tam şəkildə faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər həmin boşluğu aradan qaldırıb.
Ekspert bildirib ki, yeni normalarla yanaşı artımlar da təsdiq edilib və bu, dövlət büdcəsindən həmin qurumlara daha çox vəsaitin ayrılacağı deməkdir. Bu artımların müəssisələrin fəaliyyətinin səmərəliliyini, maddi və sosial təminatını gücləndirəcəyi gözlənilir.
Yeni qida normalarının müasir tələblər və artan xərclər nəzərə alınmaqla təsdiq edilməsi həm xidmət keyfiyyətinin yüksəldilməsinə, həm də bu sahədə sosial təminatın daha da güclənməsinə xidmət edəcək.