
Bu gün səhər saatlarında Bakıda avtobus qəzaya uğrayıb.
Primeinfo.az-ın məlumatına görə, hadisə bulvar ərazisində baş verib.
“BakuBus”a məxsus 125 nömrəli sərnişin avtobusu yoldan çıxaraq, Dənizkənarı Milli Park ərazisinə daxil olub.
Avtobus bulvarda ağaclara çırpılaraq dayanıb.
Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.
“BakuBus” MMC-dən bildirilib ki, hadisə bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, bulvar ərazisi yaxınlığında baş verib.
“BakuBus” MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb”, – açıqlamada qeyd olunub.
TƏBİB-dən bildirilib ki, bu gün saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən şəxsin halı pisləşməsi səbəbilə çağırış daxil olub.
Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 56 yaşlı şəxs (kişi) arterial hipertenziya diaqnozu ilə Xətai Tibb Mərkəzinə hospitalizasiya olunub.
Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Sosial şəbəkədə yayılan görüntüləri təqdim edirik: