
“Zəngəzur dəhlizinin açılması təkcə türk dövlətləri üçün deyil, həm də digər ölkələr üçün böyük əhəmiyyət kəsb edir”.
Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci İclasında deyib.
Baş katib bildirib ki, Orta Dəhlizin əsas arteriyalarından biri hesab olunan Zəngəzur dəhlizi təkcə türk dövlətləri üçün deyil, həm də Qafqaz regionu ölkələri, İran və Avropa İttifaqı daxil olmaqla digər dövlətlər üçün də böyük əhəmiyyət daşıyır:
“Bu, Asiya ilə Avropa arasında nəqliyyat dəhlizinin formalaşması ilə bağlıdır. Bu dəhlizin gerçəkləşməsi nəticəsində nəqliyyat potensialı ikiqat artacaq, yükdaşımalar üçün məsafə isə daha qısa olacaq”.
Onun sözlərinə görə, Orta Dəhliz əslində tarixi Böyük İpək Yolunun bir hissəsidir:
“Tarixən və ənənəvi olaraq Orta Dəhliz adlandırılan bu Transxəzər marşrutu bu gün getdikcə daha real və strateji əhəmiyyətə malik bir layihəyə çevrilir”.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.