
2026-cı ildə Türkiyədə Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu keçiriləcək.
Primeinfo.az xəbər verir ki, bu barədə TDT Baş katibinin müavini Ömer Kocaman jurnalistlərə açıqlamasında deyib.
Bildirib ki, son illərdə qəbul edilən kommunikelərə, bəyannamələrə baxdıqda iki sahəyə xüsusi diqqət ayrıldığı müşahidə edilir. Bunlardan biri gənclər və idman, digəri isə media və kommunikasiya sahəsidir:
“Çünki zaman-zaman ölkələrimizə yönəlmiş dezinformasiyalar olur. Ona görə də yalan xəbərlərlə mübarizə yolunda əməkdaşlığımızı dərinləşdirməyə çalışırıq. Bu gün burada qəbul edilən Kommünike əsasında bu əməkdaşlıq daha da dərinləşdi. Razılaşma əsasında ilk sahə səfəri Türkiyəyə nəzərdə tutulub.
Bildiyiniz kimi, Türkiyə Prezident Administrasiyasının Media və Kommunikasiya İdarəsi daxilində Dezinformasiya ilə Mübarizə Mərkəzi var və Türkiyə həmin səfər çərçivəsində təcrübələrini üzv dövlətlərimizlə bölüşəcək, sonra digər dövlətlərə səfərlər olacaq”.
Ömer Kocaman həmçinin gələn il Türkiyədə TDT-nin Media Forumunun keçiriləcəyi bildirib. Qeyd edib ki, bu əsasda yenə bir Kommünike qəbul ediləcək və nəticədə xalqlar arasında əlaqələr daha da gücləndiriləcək.