
“Hökumət bir az panikaya düşüb ki, neft gəlirləri azalır. Neyləmək lazımdır? Büdcənin öhdəlikləri var axı – maaş, təqaüd, tikinti-təmir və s. Gəlin onda vergiləri artıraq ki, dövlət büdcəsinə vergidən daha çox gəlir gəlsin”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” verilişində ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini şərh edən iqtisadçının sözlərinə görə, gələn il yanvarın 1-dən növbəti il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3 faiz verginin tutulması işləyən vətəndaşların “cib”inə təsirsiz ötüşməyəcək:
“Bilirsiniz ki, gələn ildən vergilər artır. Aylıq əməkhaqqısı 2500 manata qədər olan işçilərin gəlirindən 3 faiz əlavə vergi tutulacaq. Aylıq maaşı 2500 manatdan 8000 manatadək olanlar daha çox gəlir vergisi ödəyəcəklər. Azərbaycanda 2500 manatdan yüksək maaş alanlar çox az olduğuna görə, bu məsələ əsasən maaşı aşağı olanları maraqlandırır.
3 faiz verginin tutulması onların büdcəsinə kifayət qədər ciddi təsir edəcək. 2000 manat maaş alan şəxs hər ay 60 manat əlavə vergi ödəyəcək. İlə vuranda bu rəqəm təqribən 720 manat edir – bu da az məbləğ deyil”.
Daha ətraflı “Qırmızı masa”da: