
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov 51-ci ümumqoşun ordusunun iki generalını vəzifələrindən azad edib. Rusiyanın “Teleqram” kanallarının məlumatına görə, buna səbəb ordunun Dobropolye istiqamətindəki uğursuzluqları olub.
Primeinfo.az xəbər verir ki, məsələni Prime TV-nin “Qırmızı masa” verilişində şərh edən Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Rusiya ordusunda hazırda vəziyyətin çox gərgin olduğunu bildirib.
“Rusiya bu ərazini tamamilə işğal etməyi planlaşdırmışdı. Amma görünən odur ki, Rusiyanın planı uğursuzluğa düçar olub. Çünki hələ də o istiqamətdə döyüşlər gedir. Çox güman ki, Rusiya böyük itkilər verib. Yəni, iki generalın ordu sıralarından xaric olunması heç də sadə qərar sayıla bilər. Bu nəinki həmin ərazilərin işğal edilməməsi ilə əlaqədardır, həm də çoxsaylı canlı itki anlamındadır. Məhz bu səbəbdən həmin generallar vəzifələrindən uzaqlaşdırılıb”.
Partiya sədri qeyd edib ki, işğalçılıq siyasəti ilə məşğul olan istənilən ölkə tarix qarşısında cavab verməlidir:
“Rusiya da başa düşməlidir ki, başqa ölkənin torpaqlarına göz dikməyin ağır nəticəsi olur. Bu tarixən belə olub. Rusiya da bunun əvəzini çox ağır ödəyəcək”.