
Noyabrın 24-nün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Günü kimi qeyd edilməsi təklif olunub.
Primeinfo.az xəbər verir ki, bu təklifi “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal TDT ölkələri QHT-lərinin Həmrəylik Forumunda keçirilən “Azərbaycan-Qazaxıstan QHT-lərinin əmakdaşlıq Forumu” adlı paneldə səsləndirib.
O bildirib ki, Azərbaycan Türk dünyasının inkişafı üçün böyük işlər görüb.
Sədr Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıqlara diqqət çəkib:
“Bu gün müxtəlif ixtisaslı sahələr üzrə ölkələr işlər görə bilər.
Bu gün Xəzər dənizi ilə bağlı problemlər var. Düşünürəm ki, hər iki ölkənin QHT -ləri Xəzərin dayazlaşması probleminə qarşı birgə fəaliyyət göstərə bilər”.
Qeyd edək ki, bu gün Bakıda ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu baş tutub. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.