
“Mən nə Rusiya, nə də Ukrayna tərəfdən bu müharibəni sülhə gətirəcək hansısa şərtin yetişdiyini görmürəm. Ortada mənasız danışıqlardan başqa heç nə yoxdur”.
Primeinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” proqramında bildirib.
Onun fikrincə, bəzi böyük dövlətlər 4 ildir davam edən Rusiya-Ukrayna savaşının bitməsində maraqlı deyillər. Bu səbəbdən də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ciddi xarakter daşımır:
“Rusiyanın “nəfəsliyi”ni kəsmək ABŞ kimi dünya jandarmı rolunda olan bir dövlətin əlində “2 vur 2” qədər sadədir. Rusiya nefti Danimarka boğazları vasitəsilə dünyanın istənilən yerinə daşınır. Bu boğazları bağlamaq ABŞ və Avropa İttifaqı üçün nə qədər çətin bir işdir ki?”
Araşdırmaçı jurnalist Heydər Oğuz da hesab edir ki, ABŞ-nin Rusiya və Ukrayna arasındakı savaşı sonlandırmaq niyyəti yoxdur:
“ABŞ bu yaxında “Monro” doktrinasını – Milli Təhlükəsizlik Strategiyasını elan etdi. Bu doktrinada açıq göstərir ki, Avropadan bizə müttəfiq olmaz. Çünki onlar öz hərbi güclərini inkişaf etdirməyən tərəfdirlər. Məhvə məhkumdurlar. Bizim çətirimiz altında idilər, amma bundan sonra onları dəstəkləməyəcəyik. Gedib öz hərbi güclərini artırsınlar, görək həqiqətən də Rusiya ilə savaşa biləcəklərmi?”
H.Oğuz Ukraynanın artıq partizan müharibəsinə keçdiyini vurğulayıb:
“Görünən odur ki, Amerikanın Ukraynanı satmaq istəməsinə baxmayaraq, Avropa dövlətləri bu müharibəni davam etdirəcəklər. Çünku buna məcburdurlar”.
Mövzu ətrafında müzakirələri “Qırmızı masa”da izləyə bilərsiniz: